Sentyabrın 29-dan etibarən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir və Zəngilanda təşkil edilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun (NUFA2) açılış mərasimi ilə başlanılıb.
Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib və dövlət başçısı çıxışında işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə və keçirilən tədbirin bu prosesdə əhəmiyyətini və ümumilikdə 400 iştirakçının qatıldığı 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsinin müsbət addım olduğunu vurğulayan Prezident İlham Əliyev ötən il Ağdam şəhərində 1-ci Forumun uğurla təşkil edildiyini diqqətə çatdırılıb.
Çıxışında, həmçinin Böyük Qayıdış Proqramına toxunan Prezident İlham Əliyev həmin Proqramın azad edilmiş bütün ərazilərin bərpasını əhatə etdiyini vurğulayıb. İndiyədək 8 şəhər və 92 kəndin Baş planının təsdiqləndiyi və 30 kəndin təməli qoyulduğu qeyd olunub.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış ediblər. Çıxışlarda bu il Zəngilan və Bakı şəhərlərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunun dünyada və ölkəmizdə gedən urbanizasiya proseslərinin müzakirəsi üçün uğurlu platforma olduğu vurğulanıb.
Forumun açılış mərasimindən sonra tədbir müxtəlif mövzularda sessiyalarla davam edib. İlk olaraq “Birgə yenidənqurma - regional dayanıqlılıq və davamlı inkişaf üçün əməkdaşlıq imkanları” adlı xüsusi sessiya təşkil olunub. Ardınca “Dayanıqlı və davamlı inkişaf: strategiyalar, fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları” adlı birinci sessiyada yenidənqurma - azad edilmiş ərazilərin reabilitasiya strategiyaları, münaqişələrin həllində və şəhərsalmanın inkişafında beynəlxalq əməkdaşlığın rolu kimi bir sıra məsələlər müzakirə edilib.
“Viranlıqdan dayanıqlığa: parlaq gələcəyə aparan yol” adlı ikinci sessiyada minalarla çirklənmə və onun dayanıqlı inkişafa təsiri, Qarabağda əməkdaşlıq imkanlarından bəhs olunub və Zəngilan şəhərinin Baş planı ilə tanışlıq olub.
Sonda forum iştirakçıları Ağalı “ağıllı kənd”-nə səfər edib, sakinlərlə görüşüb və ağacəkmə aksiyasında iştirak ediblər. Eyni zamanda Zəngilanda aparılan yenidənqurma layihələri ilə tanışlıq olub.