Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazisinə daxil olan Cuvarlı kəndi rayon mərkəzindən 6 km cənub- qərbdə, dağətəyi mailli düzənlik ərazidə yerləşir. Cuvarlı kəndi Füzuli rayonunun Çimən, İşıqlı, Qarğabazar, Xələfşə və Xırmancıq kəndlərinin ərazisi ilə əhatələnmişdir. Xırmancıq kəndi tərəfdən Ufan dərəsindən keçən Xələfşə-Çimən piyada yolu kəndin qərb sərhədini təşkil edir. Füzuli- Cəbrayıl şosse yolu kəndin cənub-şərqindən keçir.

Cuvarlı kəndində 1697 nəfərin (425 ailə) məskunlaşması üçün layihələndirilən ümumi ərazi 82.8 hektardır.

Cuvarlı kənd layihələndirməsi çərçivəsində regionun davamlı və texnoloji cəhətdən inkişafını təmin etmək üçün “ağıllı kənd” texnologiyalarının tətbiqi nəzərdə tutulur. Günəş enerjisi, tullantıların idarə edilməsi, “ağıllı su təchizatı” kimi innovasiyalarla müxtəlif həyat aspektlərini əhatə edir.

Kəndin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 28.10 ha torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 468 nəfərin köçürülməsi üçün 125 fərdi ev inşa ediləcək və Cuvarlı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1018 nəfərin işlə təmin olunması nəzərdə tutulur.


digər layihələr