Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazisinə daxil olan İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Zar, Zivel və Orta Şurtan kəndlərinin ərazisi ilə əhatələnmişdir. Kəlbəcər şəhəri istiqamətində layihələndirilən yol qəsəbənin şərqindən, Minkənd istiqamətində layihələndirilən yol qəsəbənin arasından keçir.
İstisu qəsəbəsində 1920 nəfərin (481 ailə) məskunlaşması üçün layihələndirilən ümumi ərazi 63.11 hektardır.
Layihələndirilən ərazinin şərqində, silsilə dağ yamaclarında “İstisu” kompleksi yerləşir. Kompleksdə 163 nömrədən ibarət olan hotel, tibbi və estetik müalicə üçün nəzərdə tutulmuş zonalar, həmçinin xüsusi qonaqlar üçün 10 villa və otelin personalı üçün yaşayış zonası nəzərdə tutulmuşdur.
Kəndin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 39.20 ha torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 601 nəfərin köçürülməsi üçün 159 fərdi ev inşa ediləcək və İstisu qəsəbəsində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1152 nəfərin işlə təmin olunması nəzərdə tutulur.