Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazisinə daxil olan Nəmirli kəndi Ağdam şəhərindən 30 km şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Nəmirli kəndi Ağdam rayonunun Şotlanlı, Güllücə, Tağıbəyli, Papravənd, Boyəhmədli, Salahlı Kəngərli, Baş Qərvənd, Ayaq Qərvənd və s. kəndlərinin ərazisi ilə əhatələnmişdir.
Nəmirli kəndində 3036 nəfərin (759 ailə) məskunlaşması üçün layihələndirilən ümumi ərazi 210.77 hektardır.
Layihəyə əsasən Nəmirli kəndində yeni müasir tipli yaşayış məntəqəsi salınacaq və planlaşdırılan yaşayış evləri və sosial obyektlərin memarlıq-planlaşdırma və mühəndis-texnoloji həllərində “ağıllı kənd” yanaşmaları tətbiq ediləcəkdir.
Kəndin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50.22 ha torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 884 nəfərin köçürülməsi üçün 179 fərdi ev inşa ediləcək və Nəmirli kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1822 nəfərin işlə təmin olunması nəzərdə tutulur.