Ağdam rayonunun Sarıcalı kəndi rayon mərkəzindən 6 km məsafədə şərqdə yerləşir.
Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çevirmişlər. İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Respublikasının baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam rayonu 20 noyabr 2020-ci ildə Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçmişdir.
Sarıcalı kəndində məskunlaşacaq 1720 nəfər (425 ailə) əhali üçün layihələndirilən ümumi ərazi 101,9 hektardır.
Layihəyə əsasən ərazidə və həmçinin Ağdam-Ağcabədi yolunun kənarında mövcud, istifadəyə yararsız tikililər sökülərək yerində müasir “ağıllı kənd” salınması nəzərdə tutulur. Kəndin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50,3 ha torpaq sahəsi ayrılıb.
Birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev inşa ediləcək və Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 774 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Tikinti işlərinə başlanıb: 10.10.2022
Tikintinin bitməsi planlaşdırılır: 10.04.2024