Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Soltanlı kəndi rayon mərkəzindən 15 km cənub - qərbdə, düzənlik ərazidə yerləşir. Soltanlı kəndi Cəbrayıl rayonunun Maşanlı, Alikeyxalı, Əmirvarlı, Məzrə, Sarıcallı, Şıxalıağalı və Şükürbəyli kəndlərinin ərazisi ilə əhatələnmişdir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd istiqamətində gedən magistral yol kəndin şimal-qərb sərhədini təşkil edir və Horadiz-Ağbənd dəmir yolu kəndin arasından keçir.

Kəndin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd istiqamətinə gedən əsas magistral yolun üzərində yerləşməsi biznes və turizm üçün müsbət göstəricidir. Yeni təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyası məhz mövcud yaşayış məntəqəsindən keçir. Dəmir yolunun əlverişli istifadəsi, yüklərin səmərəli və qənaətlə daşınmasına regionda logistikanın və ticarətin inkişafına şərait yaradır.

Soltanlı kəndində 6100 nəfərin (1527 ailə) məskunlaşması üçün layihələndirilən ümumi ərazi 398.82 hektardır.

Kəndin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 78.05  ha torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1336 nəfərin köçürülməsi üçün 315 fərdi ev inşa ediləcək və Soltanlı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 3660 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

“Araz Vadisi İqtisadi Zonası” senaye parkının yaxınlığında yerləşən Soltanlı kəndi 2022-ci ildə bərpa olunacaq ilk yaşayış məntəqələri siyahısına daxil edilib və layihələndirilməsinə start verilib.


digər layihələr