Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazisinə daxil olan Tağıbəyli kəndi rayon mərkəzindən 20 km şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Tağıbəyli kəndi Ağdam rayonunun Nəmirli, Şotlanlı, Güllücə, Papravənd, Boyəhmədli, Salahlı Kəngərli, Baş Qərvənd, Ayaq Qərvənd və s. kəndlərinin əraziləri ilə əhatələnmişdir. Tağıbəyli kəndində 3540 nəfərin (885 ailə) məskunlaşması üçün layihələndirilən ümumi ərazi 255.31 hektardır.Kəndin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 78.05 ha torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 611 nəfərin köçürülməsi üçün 108 fərdi ev inşa ediləcək və Tağıbəyli kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2124 nəfərin işlə təmin olunması nəzərdə tutulur.Layihəyə əsasən Tağıbəyli kəndində yeni müasir tipli yaşayış məntəqəsi salınacaq. Nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, sosial və ictimai obyektlərin inşası, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması ilə birgə yaradılan infrastrukturun gələcəkdə məskunlaşacaq əhalini dayanıqlı ətraf mühit ilə təmin etməsi nəzərdə tutulur.